Orbitə üçüncü peykini göndərən Azərbaycan özünün dünya kosmik klubunun üzvü imicini daha da möhkəmləndirib.
Həmin müsahibəni oxucuların diqqətinə təqdim edirik.
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən 2010-cu il mayın 3-də “Azərkosmos” ASC yaradılıb. Bu il həmin qurumun yaradılmasının doqquz ili tamam olur. Ötən illər ərzində bu strukturun fəaliyyətini necə qiymətləndirmək olar və Azərbaycan bu sahədə hansı uğurları əldə edib?
-Azərbaycanda yüksək texnologiyaların tətbiqinin əsasının qoyulması və ölkədə kosmos sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə göndərilməsi haqqında” Sərəncamında 2009-2013-cü illərdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının işlənib hazırlanması nəzərdə tutulub. Bu istiqamətdə işlərin ardıcıl və sistemli aparılmasını təmin etmək, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin təşəkkülü və inkişafı, telekommunikasiya peyklərinin hazırlanması və orbitə göndərilməsi yolu ilə telekommunikasiya peykləri şəbəkəsinin yaradılması, kosmik informasiyanın qəbulu və işlənilməsi üzrə çoxfunksiyalı superkompüter mərkəzinin formalaşdırılması, kadrların hazırlığı mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, nanotexnologiyaların geniş tətbiqi vasitəsilə kosmik sənayenin və informasiya texnologiyalarının inkişafı da nəzərdə tutulurdu və bu sahədə ən mühüm amil yeni normativ-hüquqi aktların qəbulu ilə hüquqi bazanın təkmilləşdirilməsi idi.
Artıq bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər görülüb: “Azərkosmos” ASC-nin idarəetmə strukturu formalaşdırılıb, kosmik sənayenin əsasları yaradılıb, orbitə iki telekommunikasiya və bir aşağı orbitli peyk göndərilib, Bakıda və Naxçıvanda peyklərin istismarı və idarə edilməsi məqsədilə yerüstü infrastruktur yaradılıb və yenilənib.
“Azərkosmos” ASC kosmik fəaliyyətin göstərilməsinə dair yerli və xarici subyektlərlə müqavilələr imzalayıb. Bu qurumun iqtisadi nailiyyətləri barədə məlumatlar onun rəsmi saytında, kütləvi informasiya vasitələrində və nəzarətedici idarələrin hesabatlarında əks olunub. Qeyd etmək lazımdır ki, bu məlumatlarda müsbət istiqamətdə inkişaf göstəriciləri yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-2022-ci illərdə yerli peyklərin xidmətlərinin inkişafı üzrə Dövlət Proqramını təsdiq edib. Bu sənəd 3 il ərzində müxtəlif dövlət strukturları və özəl şirkətlər tərəfindən peyklərin məlumatlarının istifadəsinin inkişafı sahəsində, xüsusən ətraf mühitin qorunması, ekologiya, kənd təsərrüfatı, fövqəladə hallar, şəhərsalma, nəqliyyat kommunikasiyalarının çəkilməsi və s. kimi bir sıra mühüm iqtisadi vəzifələrin həllinə yeni təkan verməlidir. Yüksəkixtisaslı yerli kadrların hazırlanması və onların ixtisaslarının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məsələləri də böyük əhəmiyyət kəsb edir. Proqramda alınan informasiya imkanlarının genişləndirilməsi yolu ilə Yerin səthinin məsafədən müşahidəsi, təbii ehtiyatlardan istifadə və digər tətbiqi vəzifələrin yerinə yetirilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi yer ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində deyib: “Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər – seminarlar, konfranslar, elmi–praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var”.
-2018-ci il sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Bundan əvvəl daha iki peyk buraxılıb. Bu peyklərin hamısı, onların texniki parametrləri və gəlirləri haqqında nə söyləmək olar?
-“Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.Həqiqətən, həmin il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü və telekommunikasiya sahəsində xidmətlər göstərən ikinci peyki olan “Azerspace-2” Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peykin kosmik fəzaya göndərilməsi Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi ilə həyata keçirilib.
“Azerspace-2” ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. 2018-ci il dekabrın 18-də bu peyk özünün sınaq orbitinə çatıb və burada təxminən iki ay müddətində test istismarı keçdikdən sonra özünün artıq bir qədər fərqli orbital mövqeyi – 45 dərəcə şərq uzunluğu mövqeyində olan son geostasionar orbitində yerləşəcək. Peykin dəyəri 190 milyon dollara yaxındır. Onun fəaliyyət müddəti təxminən 20 il təşkil edəcək və ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək. İqtisadi aspekti ilə yanaşı, “Azerspace-2”nin orbitdə fəaliyyəti ölkənin informasiya təhlükəsizliyini və müstəqilliyini də təmin edəcək.
“Azerspace-1” peyki isə, bizim bu ilk peykimiz 2013-cü il fevralın 8-də orbitə buraxılıb. Mən bu ilk milli telekommunikasiya peykinin buraxılması üzrə İşçi qrupunun üzvü olmuşam və bununla fəxr edirəm. Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb. Bu peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. “Azerspace-1” rəqəmsal televiziya xidmətlərinin göstərilməsi, “VSAT” multixidmət şəbəkələrinin yaradılması və hökumət rabitəsinin təmini üçün nəzərdə tutulub. Peykin xidmət dairəsinə Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
“Azerspace-2”nin xidmət dairəsi genişlənnir və bir sıra Avropa ölkələrini, həmçinin Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində, “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” “Azərkosmos” ASC-nin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.
“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək.
Beləliklə, Azərbaycan 2018-ci il sentyabrın 26-da üçüncü peykini kosmosa buraxmaqla dünya kosmik klubunda öz imicini xeyli möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Bu, ölkəmizin növbəti qələbəsi, dövlətimizin növbəti uğurudur. Son beş ildə Azərbaycan orbitə üç peyk çıxara bilib. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür və dünya kosmik sənayesində öz mövqeyini möhkəmləndirir. Orbitə peyklərin çıxarılması dövlətimizin gücünü, bizim siyasətimizi nümayiş etdirir”.
“Azərkosmos” ASC 2016-cı ildə “DCS Telecom” və “Don Telecom” kimi aparıcı beynəlxalq peyk operatorları ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə kontrakt imzalayıb. Bu sənədə əsasən, həmin şirkətlər Yaxın Şərq və Afrika regionlarında səs və məlumatların ötürülməsi, video, mobil rabitə, şəbəkə və digər xidmətlər üzrə “Azerspace-1”in resurslarından istifadə edirlər. “Azərkosmos” ASC Türkiyənin bir sıra radiokanalları ilə də kontraktlar imzalayıb.
Rəsmi məlumatlara görə, “Azerspace-1”in ümumi dəyəri 233 milyon dollardır. “Azərkosmos” ASC bu peykin istismarından 420 milyon dollar təmiz gəlir əldə etməyi nəzərdə tutur.
Azərbaycanın ikinci peyki aşağı orbitli (640 kilometr hündürlüyü olan orbit) “Azersky” (“Spot 7”) peykidir. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılıb və 2014-cü il dekabrın 2-də “Bakutel-2014” sərgisi çərçivəsində “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycanın idarəetməsinə verilib.
“Azersky” peykinin buraxılması Hindistanın kosmik mərkəzində həyata keçirilib. Bu peyk Yerin səthinin məsafədən müşahidəsi üçün nəzərdə tutulub. “Azərkosmos” ASC bu peykin 1,5 metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kommersiya hüquqlarını qəbul edib. “Azersky” peykindən və Fransanın “Spot-6” peykindən təsvirlərin quraşdırılmış potensialının qəbulu gündəlik 6 milyon kvadrat kilometr təşkil edir. Bu o deməkdir ki, Yer kürəsindəki hər bir məntəqəni yüksək keyfiyyətli təsvirlərlə gündəlik izləmək mümkündür.
“Azersky” müdafiə və təhlükəsizlik, fövqəladə halların çevik aşkar olunması, təbii ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz naviqasiyası, ətraf mühitin qorunması, şəhərsalmanın planlaşdırılması, xəritəçəkmə, kənd təsərrüfatı və turizm sahələri üzrə geniş əlavələr spektrinə malikdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan aşağı orbitli peykin buraxılışını həyata keçirən iyirminci ölkədir. Ümumilikdə, orbitə 50 bu cür peyk buraxılıb. “Azersky” peyki ölkəmizə 150 milyon avroya başa gəlib.
-Azərbaycan kosmik fəzanı fəth edir. Bu, təkcə dövlətin nüfuzunun artırılması baxımından deyil, həm də iqtisadi cəhətdən də əhəmiyyətlidir…
-Kosmosun fəthi iqtisadiyyatın səviyyəsinin və milli təhlükəsizliyin müəyyən olunmasının amilidir. Dövlətin iqtisadi inkişafının və hərbi gücünün artırılması kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Aerokosmik məkanda yerləşdirilən cihazlar və komplekslər tədqiq olunan obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni məlumatların alınmasına əlverişli imkanlar yaradır. Aerokosmik laboratoriyada Yerin, dünya okeanlarının təbii ehtiyatlarının, planetlərin və digər mühüm obyektlərin öyrənilməsi üçün böyük imkanlar mövcuddur.
Bizim dövlətimiz dünya xəritəsində bir uğur nümunəsidir. Xarici və daxili siyasət, iqtisadiyyatla bağlı bütün nailiyyətlər onun müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir.
Bütün bunlar Azərbaycanın dünya siyasətində kosmik uğurlarla nüfuzunun daha da artırılmasından xəbər verir. Heç də az əhəmiyyətə malik olmayan iqtisadiyyata gəldikdə isə, yuxarıda bununla bağlı danışmışıq.
-Azərbaycanın kosmik sahədə elmi tədqiqatları barədə nə deyə bilərsiniz?
–Yerin məsafədən müşahidəsi, onun təbii ehtiyatlarının öyrənilməsi, ümumilikdə kosmos elmi sahəsində elmi tədqiqatlar dövlətin inkişaf göstəricisidir. Fundamental və tətbiqi elm sahələrində gündəlik vəzifələr həddindən çoxdur. Onların arasında kooperasiya və səylərin birləşdirilməsini, birgə texniki vasitələr və texnologiyaların istifadəsini tələb edən beynəlxalq məsələlər də var. Yuxarıda qeyd etdiyimiz 2019-2022-ci illər üçün Dövlət Proqramında bu sahədə beynəlxalq əməkdaşlıqdan, beynəlxalq elmi layihələrdə müştərək iştirak məsələlərindən də bəhs olunub.
Hazırda Azərbaycan Respublikasında bir sıra dövlət strukturlarında, özəl firmalarda, birgə kommersiya təşkilatlarında peyk informasiyalarının istifadəsi məsələləri ilə məşğul olurlar. Lakin bunlar daimi tətbiqi və kommersiya xarakteri daşımır. Fundamental elmi tədqiqatlar isə çox az aparılır. Azərbaycanda 1975-ci ildən Aerokosmik Agentliyi fəaliyyət göstərir. Bu qurum ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hələ Sovet İttifaqı dövründə və müstəqillik illərində bu agentlik uzun müddət fundamental elmi tədqiqatlar, kosmik aparatlar üçün cihazların hazırlanması ilə məşğul olub. Açığını desək, bu işlər uğurla aparılıb: Azərbaycan alimləri və mütəxəssislərinin hazırladığı bir neçə cihaz “Mir” orbital stansiyasında quraşdırılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub, elmi əsərlər və monoqrafiyalar dərc edilib. Burada indi də elmi jurnal nəşr olunur, agentliyin əməkdaşı olmayanların da elmi məqalələri dərc edilir. Agentlikdə doktorantura da fəaliyyət göstərir, habelə uzun illər burada dissertasiyaların müdafiəsi üzrə şura olub.
Lakin reallıq kosmik sahədə aparılan elmi tədqiqatlara daha rasional və perspektivli, deyərdim ki, vətənpərvər və dövlətçilik prizmasından yanaşma tələb edir. Br neçə il öncə Azərbaycan Moskvada keçirilən kosmik sahədə fəaliyyətlə bağlı əməkdaşlıq məsələlərinə dair MDB ölkələri icra hakimiyyətləri orqanlarının nümayəndələrinin V iclasında iştirak edib. Tədbirdə Azərbaycan və Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan və Ukrayna nümayəndələri də təmsil olunublar. İclasın yekun protokolunda “GLONASS” siqnal sisteminin istifadə olunduğu yerüstü infrastrukturun inteqrasiyasının zəruriliyi, MDB dövlətlərinin kosmos və iri fəlakətlər üzrə Beynəlxalq Xartiyaya qoşulması, fövqəladə halların kosmik monitorinqinə dair dövlətlərarası sistemin və regionlararası peyk rabitəsi sisteminin yaradılmasının vacibliyi öz əksini tapıb.
\“Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu” adlı hökumətlərarası elmi-tədqiqat təşkilatının yaradılması haqqında Sazişin layihəsinin hazırlanması təklifinə də xüsusi diqqət yetirilib. Bu institutun yaradılması ideyasını hələ 2011-ci ildə MDB ölkələri kosmik agentliklərinin elmi-nəzəri konfransında çıxış edən Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri, akademik Lev Zelyonı irəli sürüb. Onun sözlərinə görə, sözügedən institut MDB məkanında kosmos mövzusu ilə məşğul olan elmi-tədqiqat institutlarının səylərini özündə birləşdirə bilər. Birləşmiş Kosmik Tədqiqatlar İnstitutunun yaradılması qərarına Azərbaycan da qoşulub.